ELM VƏ TƏHSİL
Xəzər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 3 oktyabr, AZƏRTAC
Xəzər Universitetinin neft-qaz mühəndisliyi departamentinin müdiri, “eiLink” Tədqiqat və İnkişaf Mərkəzinin direktoru Qəşəm Zeynalov və departamentin müəllimləri Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin illik texniki konfransında və sərgisində (SPE Annual Technical Conference and Exhibition) iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə aparıcı neft və qaz şirkətlərinin və eləcə də universitetlərin neft-qaz yataqlarının işlənməsi və istismarı üzrə əldə etdiyi yeni texnologiyalarla bağlı texniki məruzələrin və sərgilərin təqdimatı olub.
Konfrans və sərgi çərçivəsində Q.Zeynalov Nyu-Meksiko Texniki İnstitutunun, Aberdin Universitetinin, Kral Abdulla Elm və Texnologiya Universitetinin və bir sıra şirkətlərin nümayəndələri ilə görüşlər keçirib, əməkdaşlıq sahələrini müzakirə edib.