ELM VƏ TƏHSİL
Xəzər Universitetində məktəb direktorları üçün təlim kursu yekunlaşıb
Bakı, 4 iyul, AZƏRTAC
Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə UNICEF və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə bu ali məktəbdə cari ilin aprelindən keçirilən “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu” uğurla başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi ölkədəki yeni təhsil strategiyasına və təhsil islahatına uyğun məktəb direktorlarının və gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyən təhsil işçilərinin bilik və bacarıqlarını artırmaq, onları dünyadakı səmərəli idarəetmə təcrübəsi ilə tanış etməkdir.
Kursda dörd müxtəlif qrupda 117 nəfər təlim keçib. Bu məqsədlə səkkiz fənn üzrə dərslər həftədə beş gün olmaqla 12 həftə davam edib.
Layihə çərçivəsində “Qonaq mühazirəçilərin seminarları” da fəaliyyət göstərib. İlk seminarda Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlının “Təhsildə idarəetmə: nəzəriyyə və təcrübə” mövzusunda mühazirəsi dinlənilib. “Vaxtın idarə olunması” mövzusunda digər seminar Xəzər Universitetinin akademik işlər üzrə prorektoru, professor Məhəmməd Nuriyev tərəfindən aparılıb.
Kursun məşğələlərində iştirakçıların təqdimatları olub, müzakirələr aparılıb.