CƏMİYYƏT
Xəzər dənizi zəlzələ ocaqları və palçıq vulkanları ilə çox zəngindir
Bakı, 9 fevral, AZƏRTAC
Xəzər dənizi potensial gücə malik zəlzələ ocaqları və palçıq vulkanları ilə çox zəngindir. Abşeronda, Bakıda olan zəlzələ təhlükəsi dənizdə olan zəlzələ ocaqlarından irəli gəlir. Xəzərin cənubundan şimalına qədər zəlzələ ocaqları var və dərinlik qırılmaları ilə əlaqəlidir. Xəzərdə 3 dənizdibi stansiya quraşdırılacaq. Həmin stansiyaların yerləri müəyyənləşdirilib və layihələndirilib. Müəyyən çətinliklərlə bağlı stansiyaların quraşdırılması hələ ki, mümkün deyil. İnkişaf etmiş ölkələrdə həmin stansiyalar var. Yaxın vaxtlarda bu məsələnin öz həllini tapacağına ümid edirik. Xarici mütəxəssislərlə bu istiqamətdə danışıqlar aparılır. Hansısa böyük bir qrant layihəsi çərçivəsində bu işləri başa çatdırmaq mümkün olar. Bu, bizim üçün çox vacibdir. Çünki dəniz dibinin dərinlik quruluşunun öyrənilməsi, neft-qaz potensialının müəyyənləşdirilməsi, tomoqrafiyası, kommunikasiya xətlərinin qurulmasında, seysmik riskin qiymətləndirilməsi, seysmik mikrorayonlaşdırılması, aktivləşmə kimi gedən prosesləri izləmək üçün çox mühümdür.
Bu fikirləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
Hər baş verən zəlzələ dənizdəki “Günəşli”, “Azəri”, “Çıraq” kimi neft-qaz yataqlarına təsir edir. Xəzər dənizindəki zəlzələ ocaqlarında gedən proseslər neft-qaz yataqlarında müəyyən çatlar əmələ gətirir, parçalanma gedir. Neft yatağı daxilində çatlar əmələ gəlirsə, həmin yataqdakı neftin hər hansı bir istiqamətə axını olacaq.