CƏMİYYƏT


“Xəzər günü” çərçivəsində Novxanı çimərliyində iki hektar ərazi tullantılardan təmizlənib

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Hər il ənənəvi olaraq qeyd olunan “Xəzər günü” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən müxtəlif tədbirlər keçirilib. Müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin iştirakı ilə nazirlikdə Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizmi müzakirə olunub. Eyni zamanda, uşaqlar və yeniyetmələr üçün maarifləndirici tədbir təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xəzər dənizinin ətraf mühitinin qorunması haqqında məlumat verilib, uşaqlar arasında viktorinalar və rəsm müsabiqəsi keçirilib, qaliblərə hədiyyələr təqdim olunub. Sonra tədbir iştirakçıları "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olublar.

Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında təmizlik aksiyası keçirilib. Aksiyada ETSN-in əməkdaşları, ictimaiyyətin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iki hektar ərazini tullantılardan təmizləyiblər.

Xatırladaq ki, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında çərçivə konvensiyası” BMT-nin Ətraf Mühit proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Təsdiq olunduğu şəhərin adı ilə “Tehran konvensiyası” kimi tanınan bu saziş beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib və sonradan bu tarix “Xəzər günü” kimi qeyd edilməyə başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.