CƏMİYYƏT


“Xəzər həftəsi” ilə əlaqədar maarifləndirici tədbir keçirilib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda da Beynəlxalq Dəniz Günü ilə əlaqədar hər il müxtəlif tədbirlər keçirilir. ETSN-in müvafiq tədbirlər planına əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub.

Sentyabrın 28-də ETSN-in Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində respublikanın ali məktəb tələbələrinin iştirakı ilə “Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, perspektivlər” mövzusunda tədbir təşkil olunub. Tədbirdə çıxış edən nazirliyin mütəxəssisləri Beynəlxalq Dəniz Gününün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Bu kimi tədbirlər “Xəzər həftəsinin” davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən respublikanın Xəzərsahili şəhər və rayonlarının orta təhsil müəssisələrində də keçirilir.

Nazirlik müvafiq tədbirlər planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində ictimaiyyətin maarifləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirləri davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.