CƏMİYYƏT
Xəzər rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzində olublar
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Əvvəlcə Xəzər rayon ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzində olublar. Onlara Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə, tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə populyarlaşdırılmasına, təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın, iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqların böyük marağına səbəb olub.
Rayon ictimaiyyətinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Sonra “Azərbaycan inciləri” sərgisi ilə də tanışlıq olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı unikal eksponatlar nümayiş etdirilir. Sərgidə qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilib. Mis məmulatlar sərgisi qonaqların xüsusi marağına səbəb olub. Burada Azərbaycanın qədim çalğı alətləri orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimləri, qədim sikkələr nümayiş etdirilən sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.