CƏMİYYƏT
Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən qətlin üstü “isti izlər”lə açılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, oktyabrın 4-də saat 19 radələrində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Zakir Məcidovun yaşadığı qəsəbədəki icarəyə götürdüyü mağazada odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
Peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin qəsəbə sakini 1978-ci il təvəllüdlü Rauf Cəbrayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. R.Cəbrayılov cinayətin aləti olan tüfəngi könüllü olaraq istintaqa təhvil verib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.