İDMAN
Xəzər rayonu üzrə “Açıq əyləncəli futbol məktəbi” layihəsinə başlanılıb
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Xəzər Rayon İnkişaf Fondunun sədri İlqar Mustafayev və digərləri çıxış edərək ölkəmizdə futbola göstərilən dövlət qayğısından danışıblar.
Natiqlər gənclərin sağlam həyat tərzi keçirməsi üçün təhsil müəssisələrində müxtəlif idman növləri üzrə yarışlar təşkil edildiyini söyləyib və məktəblərdə futbol dərslərinin tədris olunmasını yüksək qiymətləndiriblər.
Azərbaycan hökumətinin idmanın ən populyar növü olan futbolun uşaqlar və gənclər arasında daha geniş yayılması və inkişafında, yeni uşaq idman məktəblərinin yaradılmasında, qalib idmançıların mükafatlandırılaraq daha böyük qələbələrə ruhlandırılmasında xidmətləri yüksək qiymətləndirilib. Layihədə iştirak edən uşaqların Azərbaycan idmanını daha yüksək zirvələrə qaldırmaq üçün böyük potensiala malik olduğunu qeyd ediblər.
Tədbirdə Xəzər rayonunun müxtəlif orta təhsil müəssisələrindən 6-14 yaşlı 200-dən artıq məktəbli 12 komandada çıxış edib.
Layihənin əsas məqsədi münaqişə olan ölkələrdə yaşayan uşaqlara həyatlarının ağrı-acılarını bir qədər unutdurmaq, onların həyat tərzinə futbol və əyləncəli oyunlar vasitəsilə müsbət təsir göstərməkdən ibarətdir. “Açıq əyləncəli futbol məktəbləri”nin əsas prinsipi isə təkcə istedadlı futbolçu hazırlayıb təkmilləşdirməkdən ibarət deyil, həm də istedadlı uşaqları seçmək, bundan sonra onlarda olan qabiliyyəti inkişaf etdirməkdir. Bu məktəblərə bacarığından, istedadından asılı olmayaraq oğlan və qızlar qəbul olunurlar.