CƏMİYYƏT
Xəzər rayonunda “İdman narkomaniyaya qarşı” devizi altında kütləvi tədbir keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Xəzər Rayon İcra Hakimiyyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər Rayon Gənclər və İdman İdarəsi ilə birgə 5 saylı Bakı Peşə Məktəbində “Narkomaniyaya qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə “İdman narkomaniyaya qarşı” devizi altında kütləvi tədbir keçirib. Tədbirin məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, onların idmana cəlb edilməsinin təbliği olub.
Tədbir zamanı idmançıların taekvando, cüdo, karate, kikboksinq, sambo, voleybol, basketbol üzrə nümunəvi çıxışları izlənilib, 5 saylı Bakı Peşə Məktəbinin tələbələri tərəfindən mövzuya uyğun təqdimat olub.
Rayon icra hakimiyyəti başçısının müavini Arif Balayev, Milli Məclisin deputatı Rauf Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.
Xəzər rayonunda yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği istiqamətində keçirilən tədbirlərdə göstərdikləri fəallığa görə bir qrup məşqçi müəllimə təşəkkürnamələr təqdim edilib.
Tədbirdə iştirak edən gənclərə narkomanlığın zərəri, sağlam həyat tərzinin təbliği ilə bağlı məlumatları özündə əks etdirən bukletlər paylanılıb.