İQTİSADİYYAT
Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
Bakı, 5 mart, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu martın 5-dən Bakının Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Sahibkarlığa Kömək Milli Fondu fevralın 27-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, istixana və zeytunçuluq təsərrüfatlarının, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Onların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17