CƏMİYYƏT
Xəzər rayonunun 30 mindən çox sakini tibbi müayinələrdən yararlanıb
Bakı, 4 mart, AZƏRTAC
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 2-dən mayın 1-dək pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədilə Bakının Xəzər rayonunda operativ tədbirlər görülüb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, müayinələr rayon ərazisindəki 14, 26, 29, 31 saylı birləşmiş şəhər xəstəxanalarında, 17 saylı poliklinikada və Zirə Müalicə Diaqnostika Mərkəzində aparılır və bu tibb müəssisələrində bütün lazımi şərait yaradılıb.
Dövlət başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri həvəslə profilaktik tibbi müayinələrdən keçirlər. Rayon üzrə 106 min 132 nəfərin müayinədən olunması nəzərdə tutulub. Fevralın 2-dən indiyədək 30 mindən çox rayon sakini müayinə olunub. Müayinədən keçənlərin 3 min 500 nəfəri ambulator, 270 nəfəri isə stasionar müalicəyə götürülüb. Ciddi müalicəyə ehtiyacı olan aztəminatlı ailələrin üzvlərinə, onların dərman preparatları ilə təmin olunmasına rayon icra hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilir.