CƏMİYYƏT
Xəzər və Cəlilabad rayonlarında vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlər verilib
Bakı, 27 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Xəzər Rayon Polis İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə həmin rayonlarda vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonunun Zirə qəsəbəsində keçirilmiş tədbirdə 31 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 11, şəxsiyyəti təsdiqləyən sənədi olmayan 12 şəxsin, 8 yeniyetmənin şəxsiyyət vəsiqələri ilə təmin olunmaları üçün müvafiq sənədləri qəbul edilib.
Bununla yanaşı, Cəlilabad şəhərinin 4 və 7 nömrəli məktəblərində, eyni zamanda, rayonun Üçtəpə və Günəşli kəndlərinin orta ümumtəhsil müəssisələrində təşkil olunmuş səyyar xidmətlər zamanı buraxılış siniflərində oxuyan ümumilikdə 324 şagirdin də sənədləri qəbul edilib. Həmçinin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitmiş 40 sakinə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə təşkil olunan tədbirlər davam etdirilir.