ELM VƏ TƏHSİL
“Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işini davam etdirib
Bakı, 26 aprel, Xatirə Cəfərova, AZƏRTAC
Aprelin 26-da Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu öz işini sessiyalarda davam etdirib.
AZƏRTAC xəbər verir ki, sessiyalar “Regionun qaz bazarı və ixrac istiqamətləri, “Xəzər regionunda və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənaye sahələrinin inkişafı”, “Təchizat sahəsində əməkdaşlıq, xəzəryanı regionun və Mərkəzi Asiyanın neft-qaz sahələrinin icmalı” mövzularına həsr olunub.
SOCAR-ın Qaz İxrac İdarəsi rəisinin birinci müavini Nazim Səmədzadə “Azərbaycanın qaz ixracı strategiyası və inkişaf planları” mövzusunda məruzə edib.
Məruzədə qeyd olunub ki, 2025-ci ildə Azərbaycanın hasil olunan əmtəə qazının illik həcmi 40 milyard kubmetrə çatacaq. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir. “Şahdəniz” qaz kondensat yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon ton kondensat həcmində qiymətləndirilir. İlkin qiymətləndirmələrə görə, “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz, 45 milyon ton kondensatdan, “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensatdan ibarətdir.
Sonra “SOCAR Trading”in layihə departamentinin rəhbəri Toğrul Köçərli “SOCAR Trading sıxılmış təbii qaz bazarlarında”, Gürcüstan Neft və Qaz Korporasiyasının analitiki Liana Cervalidze “Azərbaycan və Gürcüstanın neft-qaz sahəsində əməkdaşlığı: hasilat, ixrac və tranzit”, “BMİ Research”ın neft və qaz üzrə baş analitiki Emma Riçards “Avroasiya qaz bazarları və tələbatın proqnozları. Kəmərlə ötürülən və sıxılmış maye qaz - Avropada müqayisəli rol. Xəzər-Qara dəniz hövzəsində qaz layihələrinin inkişafı”, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi İlqar Qurbanov “Cənub Qaz Dəhlizi - final mərhələsinə doğru uğurlu hərəkət” mövzularında məruzələrlə çıxış ediblər.
Aprelin 28-dək davam edəcək forumda Xəzər və Mərkəzi Asiya regionlarının başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici kommersiya axını və neft limanları, boru xətləri və dəmir yolları daxil olmaqla maddi-texniki infrastruktur barədə müzakirələr aparılacaq.