İQTİSADİYYAT
“Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” Beynəlxalq Praktiki Konfransı başa çatıb
Bakı, 29 aprel, AZƏRTAC
Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” Beynəlxalq Praktiki Konfransı başa çatıb.
Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edib.
Konfransın bağlanışında “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini Sərvər Ağayevin “Azərikimya” İstehsalat Birliyi: Modernləşdirmə və yenidənqurma layihələri”, SOCAR-ın Neft-qaz emalı və neft-kimya kompleksinin baş direktorunun müavini Rauf Nağıyevın “Neft emalı sahəsində Azərbaycanın perspektivli layihələri”, “НПФ Tural-110”un rəhbərinin müavini Yevqeniy Puşikin “Müasir şəraitdə Qazaxıstanın mini neftayırma zavodlarının problemləri və perspektivləri. Mazutun və benzinin birbaşa emalı texnologiyaları”, “Hazar Oil” şirkətinin direktoru Mehman Hüseynovun “Türkəminastanda neft emalı istehsal sahələrinin icmalı”, ŞƏT İşgüzar klubunun rəhbərinin İrandakı müavini Aleksandr Şarov “İranın neft-kimya sənaye sahəsinin sanksiyalarından sonraki vəziyyətinin icmalı və inkişaf perspektivi” mövzularında məruzələri dinlənilib.
Konfransda BANM-in rektoru Elmar Qasımovla yanaşı, SOCAR-ın birinci vitse-prezidenti, Konfransın Proqram Komitəsinin sədri, akademik Xoşbəxt Yusifzadə, energetika naziri Natiq Əliyev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Muxtar Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov beynəlxalq konfransın əhəmiyyətindən danışıb və konfransın işində uğurlar arzulayıblar.
Beynəlxalq konfransda iştirak etmək üçün 19 ölkədən 70 nəfər mütəxəssis və ekspertlər Bakıya gəlib. Azərbaycandan isə 150-dən artıq mütəxəssis və ekspert sözügedən tədbirin iştirakçısı olub.
Beynəlxalq konfrans 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam edib. Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil edilib.