CƏMİYYƏT
Xəzərin ətraf mühitinin mühafizəsi və su bioresurslarının qorunması sahəsində auditə hazırlıq görülür
Bakı, 31 iyul, AZƏRTAC
Hesablama Palatasının İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov Moskvada Rusiya Hesablama Palatasının ev sahibliyi ilə Xəzərin ətraf mühitinin mühafizəsi və su bioresurslarının qorunması sahəsində çoxtərəfli auditinin keçirilməsinə hazırlıqla bağlı tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Müzakirə zamanı bildirilib ki, 2006-cı il avqustun 12-də qüvvəyə minmiş "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası bütün Xəzəryanı ölkələrdə regional əməkdaşlıq üçün çərçivə rolunu oynayır. Konvensiya ilə əlavə fəaliyyət mexanizmi kimi müvafiq köməkçi sənədlərin, o cümlədən prioritet sahələr üzrə protokolların hazırlanması nəzərdə tutulub.
"Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Saziş Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1124-IVQ nömrəli Qanunu ilə təsdiq edilib. 2016-cı il iyunun 21-23-də keçirilmiş Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının 36-cı sessiyasında Sazişin depozitarisi olan Rusiya Federasiyasının təqdim etdiyi bildirişə əsasən həmin Saziş bütün Xəzəryanı ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunaraq ötən il mayın 24-dən qüvvəyə minib.
İştirakçılar "Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Sazişin bütün Xəzəryanı dövlətlər üçün strateji vacibliyini vurğulayaraq Xəzər dənizinin su bioloji resurslarının qorunması üzrə keçiriləcək auditin mövzusunun aktual olduğunu qeyd ediblər. Eyni zamanda, auditin aparılmasında bütün Xəzəryanı dövlətlərin iştirakının vacibliyini nəzərə alaraq Qazaxıstan və Türkmənistanın Ali Audit Qurumlarının da bu prosesə cəlb edilməsi məqsədəuyğun hesab edilib.
Səfər çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası Hesablama Palatası nümayəndələrinin ikitərəfli görüşündə Ali Audit Qurumları arasında əməkdaşlığın genişləndirilməsinə dair bəzi məsələlər də müzakirə edilib.
Tədbirə Xəzəryanı dövlətlərin Ali Audit Qurumlarından Azərbaycan Respublikası və Rusiya Federasiyası Hesablama Palatalarının, İran İslam Respublikasının Hesablama Məhkəməsinin, həmçinin İranın Rusiyadakı səfirliyinin nümayəndələri qatılıb.