SİYASƏT
Xəzərin hüquqi statusunun müəyyənləşməsi üzrə işçi qrupunun növbəti iclası Moskvada keçiriləcək
Tehran, 28 avqust, AZƏRTAC
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun növbəti iclası sentyabrın ilk həftəsində Moskvada keçiriləcək.
Bu sözləri İran İslam Respublikasının xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib.
İ.Rəhimpur bildirib ki, hüquqi statusun müəyyənləşdirilməsi ilə bağlı bir çox məsələlər artıq razılaşdırılıb. Lakin bəzi məqamlar qalıb. Müzakirələr davam etdirilir və ümidvarıq ki, müzakirələrin nəticəsi müsbət olacaq. Bu müzakirələr böhranlı məsələlər üzrə müzakirələr deyil.
Nazir müavini qeyd edib ki, Xəzər dənizində təhlükəsizlik tam təmin olunub və onun sərvətlərindən 5 ölkənin xalqları yararlanır. Sahilyanı ölkələr dəniz vasitəsilə gediş-gəliş edir, gəmiçiliklə məşğul olurlar. Qərara alınıb ki, hələlik 1921-ci və 1940-cı illərin müqavilələrini əvəzləyəcək etibarlı və 5 ölkəni qane edəcək müqavilə əldə olunmayanadək müzakirələr davam etsin.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran