MƏDƏNİYYƏT
“Xəzərin incisi - Azərbaycan” bələdçi nəşri ölkəmizi Yaponiyada daha geniş tanıdacaq
Tokio, 29 oktyabr, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə dərc olunmuş “Xəzərin incisi-Azərbaycan” bələdçi nəşri Gündoğar ölkədə vətənimizin daha geniş təbliğində mühüm rol oynayacaq.
Yeni nəşrin müəllifləri “Toho Media Planning” şirkətinə məxsus “Sekai Guide” (“Dünya bələdçisi”) internet portalının yazarları xanım Yukiko Tadama və Motomi Sakidir.
Bu nəşrdə Azərbaycanın coğrafi mövqeyi, əsrarəngiz təbiəti, tarixi abidələri və müasir tikililəri barədə yapon oxuculara ətraflı məlumat verilir. Qeyd edilir ki, bu günlərdə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dinamik inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər qazanıb. Son illər davam edən uğurlu xarici siyasət və daxili ictimai-siyasi sabitlik Azərbaycanı regionun lider dövlətinə çevirib. Həm paytaxt Bakıda, həm də regionlarda aparılan nəhəng quruculuq işləri nəticəsində ölkənin turizm potensialı xeyli inkişaf edib, müasir otellər şəbəkəsi tikilib və keyfiyyətli yollar salınıb. Azərbaycanın beynəlxalq tədbirlərin, musiqi festivallarının və idman yarışlarının keçirildiyi mərkəzlərdən birinə çevrildiyi vurğulanıb. Qeyd edilib ki, bu, Azərbaycana yalnız ətraf ölkələrdən deyil, eyni zamanda, uzaq dövlətlərdən də turizm axınına səbəb olub.
Ümumilikdə 80 səhifədən ibarət olan nəşrdə Azərbaycanın turizm imkanları ilə tanınan Quba, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay və digər rayonları haqqında məlumatlara geniş yer verilib. Həmin rayonlardakı turizm obyektləri, otellər, müalicəvi mərkəzlər haqqında da məlumatlar öz əksini tapıb. Qeyd edilib ki, turistlərə viza verilməsi prosedurlarının sadələşdirilməsi Azərbaycana turizm axınının artmasına güclü təkan verib.
Nəşrdə Azərbaycanın zəngin mətbəxi, regionlara səyahət marşrutları, gündəlik həyatda daha çox işlənən sözlər barədə məlumatlar da əksini tapıb.
Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qəsbkar dövlət tərəfindən ərazilərimizin 20 faizinin işğal olunması barədə məlumatlara da nəşrdə geniş yer verilib.
Əminliklə demək olar ki, yüksək poliqrafik keyfiyyəti ilə seçilən və Azərbaycan haqqında çoxsaylı fotoların əksini tapdığı bələdçi nəşr yapon turistlərin ölkəmizə səfərlərinə mühüm təsir göstərəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio