İQTİSADİYYAT
Xidməti müqavilə ilə muzdla işə düzələn fiziki şəxsdən gəlir vergisi tutularaq büdcəyə ödənilir
Bakı, 14 avqust, AZƏRTAC
Şirkətdə xidməti müqavilə ilə yeni işə düzələn fiziki şəxs konsaltinq xidməti göstərirsə, onda hansı vergi öhdəliyi yaranır və qeydiyyatla bağlı sənədlər tələb olunurmu?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, əmək qanunvericiliyinə uyğun olaraq muzdlu işçi kimi fəaliyyət göstərilən təqdirdə, həmin şəxslə əmək müqaviləsi bağlanmalı və işəgötürən tərəfindən yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri barədə əmək müqavilələrinin bildirişləri elektron informasiya sisteminə daxil edilməlidir.
Bu halda muzdla işləyən şəxsin vergi orqanından VÖEN alması tələb olunmur və əldə edilən gəlirlərdən vergi öhdəliyi işəgötürən tərəfindən yerinə yetirilir. Belə ki, muzdla işləyən fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə ödəmə mənbəyində işəgötürən tərəfindən gəlir vergisi hesablanaraq tutulur, bəyan edilməklə dövlət büdcəsinə ödənilir. Fərdi sahibkar kimi müəssisəyə məsləhət xidməti göstərilərsə, sahibkarlıq fəaliyyətinə başlanılan günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alınmaq olar. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, fiziki şəxsdən icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və sair) ibarət olacaq.