QAN YADDAŞI
Xilaskar türk ordusunun Qubadakı yadigarları
Quba, 31 mart, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun İqrıq kənd qəbristanlığında 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun könüllülərindən olan iki əsgərin məzarı var. Türk əsgərləri o vaxt Quba qəzasında xüsusi amansızlıqla soyqırımı törədən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.
İqrıq kəndinin sakini, tarixçi Şövkət Babayev AZƏRTAC-a bildirib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Ermənilər İqrıq kəndində də evləri talan edib, məscidi yandırıb, kənd sakinlərinə amansız divan tutublar. Ermənilərin törətdikləri qırğınların qarşısı Nuru Paşanın rəhbərlik etdiyi xilaskar türk ordusunun köməyə gəlməsindən sonra alınıb. Ona görə də kənd sakinləri burda dəfn olunan türk əsgərlərinin xatirəsini daim ehtiramla anırlar.
Tarixçi Ş.Babayev qəbir daşlarının üzərində ərəbcə şəhidlərin adlarının və digər məlumatların yazıldığını bildirir. O qeyd edir ki, baş daşlarının birinin üzərində Əli, digərində isə Səfərəli adı qeyd olunub. Bundan başqa daşlara əsgərlərin şəhid olduğu tarix də (1918-ci il) həkk olunub.
Qeyd edək ki, 2012-ci ildə İqrıq kəndində türk şəhidlərinin məzarı ətrafında xatirə kompleksi yaradılıb.