CƏMİYYƏT
Xırda balıqlar üzərində leykozun yayılması izləniləcəkdir
Bakı, 24 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Ueyna universitetinin alimləri uşaqlarda leykozun yaranma səbəblərini öyrənməyə başlayıblar. Xərçəng xəstəliyinin həmin növü uşaqlar arasında geniş yayılıb. Demək olar ki, xərçəng xəstəsi olan uşaqlardan üçdəbiri leykozdan əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, bəzi uşaqlarda leykozun inkişafını, digərlərində ləngiməsini öyrənmək üçün alimlər adəti üzrə siçanlardan deyil, xırda danio-rerio balıqlarından istifadə edəcəklər. Mütəxəssislər həmin balıqlara leykoza cavabdeh olan insan genləri yeridiblər. Balıqlarla təcrübə daha ucuz başa gəlir. Bir il ərzində siçanlar üzərində təcrübəyə 100 dollar xərcləndiyi halda, balıqlar üçün cəmi 1 dollar sərf etmək kifayətdir. Həmçinin balıqlar minlərlə kürü tökürlər və bu zaman xəstəliyi işə salan triggerlərin köməyi ilə mütəxəssislər genetik fərqləri öyrənməyə çalışırlar.
Vacib amillərdən biri də balıqların şəffaf olmasıdır. Alimlər balığın bədənində qanın necə dövran etdiyini, xəstələnəndə qanın rənginin dəyişməsini izləyə biləcəklər.