İQTİSADİYYAT


Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi təhlükəsi ilə bağlı müayinələr aparılıb

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Respublika Baytarlıq Laboratoriyası (RBL) ölkədə xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi təhlükəsi ilə bağlı müayinələr aparıb. Müayinə edilən nümunələrin heç birində taun xəstəliyinin törədicisi aşkar edilməyib.

Bu barədə AZƏRTAC-a Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib.

Müayinələr Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yaradılmış serumbankdakı nümunələr əsasında həyata keçirilib. Serumbank respublika üzrə 53 rayonun 265 kəndindən və 193 qışlağından müasir epidemiologiyanın tələblərinə uğun olaraq “EPİİNFO-7” proqramına əsasən təsadüfi seçim üsulu ilə iri və xırdabuynuzlu heyvanlardan toplanmış 92 min 300 ədəd qan nümunələrindən ayrılmış serumlardan ibarət olub. Nümunələr mənfi 20 dərəcə temperaturda 5 il müddətində saxlanıla bilər.

Qonşu ölkələrdə xırdabuynuzlu heyvanlar arasında taun (PPR) xəstəliyinin qeydə alınması ilə əlaqədar, əsasən sərhəd rayonlarını əhatə edən 27 rayonun kənd və qışlaqlarına aid 5520 ədəd nümunələr götürülərək “ELİSA” testi ilə müayinə edilməsi üçün Respublika Baytarlıq Laboratoriyasına gətirilib. Layihə tərəfindən müayinələrin aparılması üçün laboratoriyalar tələb olunan bütün ləvazimat və reagentlərlə təmin edilib.

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının əməkdaşlığı ilə yaradılmış serumbank ölkədə iri və xırdabuynuzlu heyvanlarda bir sıra xəstəlik risklərini araşdırmağın mümkünlüyünü təsdiqləyir. Müasir üsulla həyata keçirilən müayinələri mənimsəmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin iki qrupdan ibarət 8 nəfər tələbəsi də cəlb olunub. Müayinələrin davam etdiyi 2 həftə ərzində tələbələrin Bakı şəhərində səfər xərcləri Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi tərəfindən təmin edilib.

Nəzərə çatdırılıb ki, müayinə edilən nümunələrin heç birində taun xəstəliyinin törədicisi aşkar edilməyib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda taun xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün lazımi tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.