CƏMİYYƏT
Xırdalan, Gədəbəy və Lənkəranda yanğın baş verib
Bakı, 21 mart, AZƏRTAC
Abşeron rayonunun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində ümumi sahəsi 52 kvadratmetr olan mənzilin bir otağı içərisindəki əşyalarla birlikdə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Lənkəranda ikimərtəbəli fitnes zalında da yanğın olub. Yanğın zamanı zalın 2-ci mərtəbəsinin 25 kvadratmetri yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlər zalın qalan hissəsini yanğından mühafizə ediblər.
Gədəbəy rayonunun Slavyanka kəndində isə ümumi sahəsi 100 kvadratmetr olan 3 otaqlı evdə yanğın baş verib. Hadisə nəticəsində evin bir otağı və dam örtüyü yanıb. Yanğınsöndürənlər evin qalan hissəsini yanğından mühafizə edə biliblər.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisələrlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.