REGİONLAR


Xırdalana şəhər statusu verilməsindən 10 il ötür VİDEO

A+ A

Xırdalan, 30 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Xırdalana şəhər statusu verilməsindən 10 il ötür. Bu münasibətlə şəhərdəki Mədəniyyət Mərkəzində keçirilən yubiley tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, qonaqlar, eləcə də Abşeron rayonuna 10 il rəhbərlik etmiş, hazırda isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Xırdalan şəhərində fəaliyyət göstərən 20-dən çox şirkətin istehsal etdiyi tikinti və qida sənayesi məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə, həmçinin rayonun keramika ustalarının, xalçaçıların, incəsənət məktəbi yetirmələrinin əl işləri, rəsm əsərləri nümayiş olunub.

Akt zalında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan sakinlərini əlamətdar gün münasibətilə təbrik edib. Bildirilib ki, XX əsrin əvvəllərində kənd kimi yaranan, sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan Prezident İlham Əliyevin 2006-cı il 29 noyabr tarixli Sərəncamına əsasən şəhər statusu alıb. Şəhərdə sənaye müəssisələri, mərkəzi xəstəxana və poliklinika, mədəniyyət mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, kitabxanalar, şahmat və musiqi məktəbləri, Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.

Vurğulanıb ki, şəhərin inkişafı, aparılan tikinti-quruculuq işləri, qazanılan nailiyyətlər Prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğının nəticəsidir. Ötən illərdə digər sektorlarda olduğu kimi, rayonun təhsil sahəsində də uğurlara imza atılıb. Yeni məktəb binaları, əlavə korpuslar və uşaq bağçaları tikilib istifadəyə verilib, təhsilin maddi–texniki bazası möhkəmləndirilib. Son 10 ildə daxili imkanlar hesabına 6 yeni məktəb binası, 4 uşaq bağçası, 3 məktəb üçün əlavə tədris korpusu tikilib.

Sonra Xırdalanın sosial-iqtisadi və mədəni həyatında fərqlənən 35 nəfərə icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Xırdalan şəhərinin 10 ildə sosial-iqtisadi inkişafından bəhs edən film maraqla qarşılanıb.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.