REGİONLAR
Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb
Xırdalan, 26 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev “Azərsu” ASC-nin qarşısında bir sıra vəzifələr qoyub, layihələrin davam etdirilməsini tapşırmışdı. Belə ki, 2017-ci ildə Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanması tapşırılmışdı.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, cari ilin əvvəlindən Abşeron rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 980 poqonmetr uzunluqda yeni içməli su xətləri çəkilib, 1486 poqonmetr uzunluqda korroziyaya uğramış xətt dəyişdirilib, 15 ədəd müxtəlif markalı nasos təmir edilib, eləcə də 1800 poqonmetrədək kanalizasiya xətləri yenilənib.
Daxili imkanlar hesabına Xırdalan şəhərində 28-ci məhəllənin 14 saylı binasının zirzəmisinin çirkab sulardan təmizlənməsi məqsədilə 120 poqonmetr boru yenilənib, 4 dəst baxış quyusu qoyulub. Xırdalan şəhərinin Xudu Məmmədov küçəsində fərdi yaşayış evlərini su basması ilə əlaqədar 450 poqonmetr uzunluğunda, Masazır kəndinin Cəfər Cabbarlı küçəsində 430 poqonmetr, Mehdiabad qəsəbəsinin Maqsud Abdullayev küçəsində isə 100 poqonmetr plastik boru ilə kanalizasiya xətti çəkilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novxanı kəndinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə də başlanılıb. İlkin mərhələdə 13,2 kilometr uzunluğunda içməli su xəttinin və 6,6 kilometr uzunluğunda magistral kanalizasiya xəttinin çəkilişi nəzərdə tutulub ki, bu işlərin iyunun əvvəllərinə təhvil verilməsi planlaşdırılır.