REGİONLAR
Xırdalanda torpaq idarəçiliyi ilə bağlı maarifləndirici işgüzar forum təşkil edilib
Bakı, 14 avqust, Elvira Məmmədova, AZƏRTAC
Avqustun 14-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Abşeron rayonunda torpaq idarəçiliyi ilə bağlı maarifləndirici işgüzar forum keçirib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin keçirilməsində məqsəd yerli icra hakimiyyəti nümayəndələrini, bələdiyyələri, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələrini, iri torpaq mülkiyyətçilərin və torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı regionlarda keçirilən maarifləndirici işgüzar forumlar barədə məlumatlandırmaqdır.
Forumda çıxış edən ƏMDK-nın sədrinin müşaviri Rafiq Süleymanov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm tədbirlər görülür, müvafiq fərmanlar imzalanır, tapşırıqlar verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana əsasən, torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi təmin edilməlidir. Habelə torpaqların səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması prioritet məsələ kimi müəyyən olunub. ƏMDK da Fərmana uyğun olaraq, torpaq idarəçiliyi və inzibatçılılığı sahəsində müxtəlif maarifləndirici işgüzar forumlar keçirir.
Eyni zamanda, torpaqların istifadəsi ilə bağlı yaranan hüquq və vəzifələri agah etmək, torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə bağlı yaranan məsələlər barəsində maarifləndirmək tədbirin əhəmiyyətini təşkil edir. Vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini bildirmək, torpaqların təyinatının dəyişdirilməsi qaydalarını izah etmək də forumun əsas vəzifələrindəndir.
Forumun keçirilməsi komitənin torpaqla bağlı fəaliyyətinin icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkilində mühüm əhəmiyyət kəsb edir. Belə forumlar müxtəlif istiqamətlərdə əməkdaşlığın reallaşdırılmasına, bu işlərin daha sıx həyata keçirilməsinə imkan yaradır.
Vurğulanıb ki, vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bazasının yaradılması istiqamətində işlər aparılır. Ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur.
“Torpaq idarəçiliyi və inzibatçılığının prinsipləri, bu sahədə tətbiq olunan yeni yanaşmalar” mövzusunda təqdimatda bildirilib ki, bəzən torpaqların təyinatına uyğun istifadə edilməməsi, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilməsi, əsassız olaraq torpaqların kateqoriyasının dəyişdirilməsi kimi xoşagəlməz hallara rastlanır. Torpaq idarəçiliyi ilə bağlı məlumatın az olması, hüquq və vəzifələrin kifayət qədər bilinməməsi müəyyən çətinliklər yaradır. Təyinatına uyğun olmadan istifadə edilən torpaq sahələrinin sonradan sənədləşmə prosesi çətinləşir. Bundan başqa ƏMDK-nın rəyi olmadan torpaqlar icarəyə verilməklə qanun pozuntusuna yol verilir. Yerli icra hakimiyyəti orqanı tərəfindən dövlət torpaqlarının icarəyə (istifadəyə) ayrılması barədə qərar qəbul edilənədək və torpaq icarə müqaviləsi bağlananadək ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq yerquruluşu işləri aparılmalı və torpaq ayrılmasına dair rəy alınmalıdır. Odur ki, bütün bu məsələlər hüquq və vəzifələrin yüksək səviyyədə bilinməsi zərurətini yaradır.
Bildirilib ki, torpaq idarəçiliyində, torpaq bazarının təşkilində, torpaqların səmərəli istifadəsində, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə mühüm işlər görülür. Bu sahələrin müasir metodlarla idarə edilməsi, torpaqlardan düzgün, səmərəli istifadənin elementləri və prinsipləri barədə məlumat verilib. Torpaq idarəçiliyində yaranan qanun pozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub.
Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Belə qanun pozuntularının aradan qaldırılması üçün torpaq müfəttişləri tərəfindən monitorinq və reydlər keçirilir. Həmin şəxslərə qanunvericiliyə uyğun protokollar tərtib edilir.
Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib. Onlara komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq zəruri izahatlar verilib.
Komitə tərəfindən belə maarifləndirici işgüzar forumlar Qazax, Ağdaş, Oğuz, Şamaxı, Cəlilabad, Salyan və Quba rayonlarında artıq keçirilib.