CƏMİYYƏT


Xırdalandakı Heydər Əliyev Mərkəzində “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 5 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə oktyabrın 5-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbirdə çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin rolunu yüksək qiymətləndirib. Bildirib ki, rayon ərazisində mütəmadi olaraq hərbi vətənpərvərlik mövzularında tədbirlər keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silahlarla təchizatından danışıb, Azərbaycan Ordusunun bütün göstəricilər üzrə regionun ən qüdrətli ordusu olduğunu qeyd edib. Bildirib ki, aprelin əvvəllərində baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri düşməni ağır məğlubiyyətə uğradaraq regionun ən güclü ordusu olduğunu sübut etdi. O, ordumuzun işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün hər an hazır olduğunu deyib.

Daha sonra çıxış edən “Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri haqqında gənclərə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirdiyi tədbirlərin önəmini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

Tədbirdə şəhid ailələrinin və veteranların nümayəndələri, çağırışaqədərki hazırlıq rəhbəri, “N” saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Sonra vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Abşeron rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda bədii proqramla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.