CƏMİYYƏT


Xızı, Siyəzən və Qobustan rayonlarında Milli Fəaliyyət Proqramının icrası üzrə ictimai dinləmələr keçirilib

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Xızı, Siyəzən və Qobustan rayonlarında ictimai dinləmələr keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə çıxış edən icra hakimiyyətlərinin başçıları rayonlarda görülən işlərin əhalinin rifah halının yüksəldilməsinə xidmət etdiyini vurğulayıblar.

Çıxışlarda vətəndaşların müraciətlərinin effektiv təmini baxımından icra hakimiyyətlərində Apelyasiya Şurasının yaradıldığı, geniş abadlıq-quruculuq işlərinin davam etdirildiyi, yaşayış məntəqələrinin təbii qaz, su və elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində işlərin sürətləndirildiyi, nasos stansiyalarında və xətlərdə əsaslı təmir işləri aparıldığı, yol çəkilişi və digər infrastruktur islahatları üzrə kompleks tədbirlərin davam etdirildiyi qeyd olunub.

Tədbirlərdə MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə görülmüş işlər, habelə qarşıda duran vəzifələr üzrə məruzə edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova iştirakçılara dövlət müstəqilliyinin ilk illərindən ölkədə həyata keçirilən hüquqi islahatların tərkib hissəsi kimi insan hüquqları sahəsində ölkəmizdə görülən işlər, qəbul edilən normativ-hüquqi aktlar, habelə bu sahədə islahatları nəzərdə tutan strateji sənədlər haqqında geniş məlumat verib.

Müvəkkil 2011-ci ilin sonunda dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin bu sənədlərin məntiqi davamı olduğunu, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, o cümlədən hüquqi islahatlarla bağlı yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin isə yerli və mərkəzi icra hakimiyyəti orqanları üçün vəzifələr müəyyən etdiyini bildirib, insan hüquqlarının müdafiəsinin prioritet istiqamətləri ilə bağlı təcrübi misallar əsasında fikirlərini bölüşüb.

Ombudsman davamlı inkişaf mərhələsində olan ölkəmizin regionlarında əhalinin maraqlarına xidmət edən tikinti, quruculuq, abadlaşma işlərinin geniş vüsət aldığını, regionların sosial-iqtisadi inkişaf Dövlət proqramının uğurla həyata keçirildiyini, ölkənin neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da canlanması ilə ölkə iqtisadiyyatının ahəngdar inkişafının təmin edilməsini, bunların isə insan hüquqlarına birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.

Tolerantlığın daim mövcud olduğu, “Multikulturalizm ili” elan olunduğu Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan müvəkkil, vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox çətinliklərin aradan qaldırılması baxımından ölkə Prezidentinin təşəbbüsü və dəstəyi ilə respublikamızda müsbət təcrübə olaraq formalaşdırılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətini yüksək dəyərləndirib.

Çıxışlarının sonunda E. Süleymanova ictimai dinləmələrin əsas əhəmiyyətini bir daha vurğulayıb, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.