MƏDƏNİYYƏT
Xızı rayonuna press-tur təşkil edilib
Bakı, 29 iyun, AZƏRTAC
Ölkəmizin turizm potensialının təbliğ olunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq bölgələrə media və infoturlar təşkil edir.
Növbəti belə press-tur iyunun 29-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Terminal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Xızı rayonuna reallaşıb.
Press-turda ölkəmizdə fəaliyyət göstərən bir sıra media qurumları və turizm şirkətlərinin nümayəndələri iştirak edir.
Press-turun məqsədi ölkə ictimaiyyətini Xızıda fəaliyyət göstərən “Altay maralı” Sağlamlıq Mərkəzində həyata keçirilən müalicə üsulları ilə tanış etməkdir.
Media və turizm şirkətlərinin nümayəndələri press-turun ilk günü Xızı rayonun Altıağac qəsəbəsində yerləşən “Cənnət bağı” hotelinin nəzdində fəaliyyət göstərən “Altay maralı” Sağlamlıq Mərkəzi ilə tanış olublar.
İştirakçılara məlumat verilib ki, 2015-ci ilin mayından fəaliyyət göstərən sanatoriya tipli sağlamlıq mərkəzində Altaydan gətirilərək təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından pant vannaları, mikroimalələr və maskaları hazırlanır.
Burada, həmçinin fitoçəlləklərdə buxar prosedurları və digər xidmətlər həyata keçirilir. Altay maralının buynuzundan hazırlanan pant vannaları insan orqanizminə göstərdiyi bir sıra müsbət əlamətlərinə görə məşhurdur. Belə ki, bu vannaların seanslarının qəbulu müasir həyatın geniş yayılmış problemləri və xəstəliklərindən sayılan xroniki yorğunluq sindromunu aradan qaldırır və insanın ruhi-emosional vəziyyətini yaxşılaşdırır. Həmçinin, orqanizmdə gedən maddələr mübadiləsinin, metabolik proseslərin intensivliyini artırır və damarlarda mikrosirkulyasiyanı sürətləndirir. Bundan əlavə, sözügedən mərkəzdə sidik cinsiyyət xəstəliklərinin, kişilərdə müxtəlif səbəblərdən əmələ gələn cinsi zəifliyin, bronxial astmanın, osteoxondrozun və bir sıra dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
Qeyd edək ki, press-tur iyunun 30-dək davam edəcək.