REGİONLAR
Xızı rayonunun Altıağac kəndində yeni tibb məntəqəsi tikiləcək
Xızı, 26 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xızı rayonunun Altıağac kəndində yeni tibb məntəqəsi tikiləcək. Tibb məntəqəsi Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçiriləcək layihəyə əsasən inşa olunacaq.
AZƏRTAC xəbər verir ki, noyabrın 26-da Xızı Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə “Xızı rayonunun Altıağac kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.
Layihə üzrə qrant müqaviləsini Yaponiya tərəfindən bu ölkənin Azərbaycan Respublikasındakı səfiri Tsuquo Takahaşi, Azərbaycan tərəfindən isə “Lider Qadınlar” təşkilatının sədri Məlahət İbrahimqızı imzalayıblar.
Layihənin icrası üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 102 min 579 ABŞ dolları təşkil edir. Bu, Xızıda reallaşacaq ilk belə layihədir. Bu layihə də daxil olmaqla “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Azərbaycanda imzalanan 193 qrant müqavilələrinin ümumi dəyəri 16 milyon 336 min ABŞ dollarına bərabərdir.