REGİONLAR
Xızı rayonunun Altıağac kəndində yeni tibb məntəqəsi istifadəyə verilib VİDEO
Xızı, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 23-də Xızı rayonunun Altıağac kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən layihəyə əsasən inşa olunmuş yeni tibb məntəqəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, tibb məntəqəsinin açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Xızı rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.
Mərasimdə məlumat verilib ki, “Xızı rayonunun Altıağac kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Lider qadınlar” təşkilatı arasında 2014-cü ilin noyabr ayında imzalanıb. Bundan sonra qısa müddətdə tibb məntəqəsinin tikintisi həyata keçirilib. Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 102 min 579 ABŞ dolları təşkil edir. Layihənin əsas məqsədi Altıağac kənd sakinlərinin daha keyfiyyətli tibbi xidmətdən istifadəsinin mümkünlüyünü təmin etməkdir. Bu, səfirliyin Xızıda reallaşdırdığı ilk layihədir.
Səfir Tsuquo Takahaşi çıxışında bildirib ki, “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı Azərbaycan xalqının yaşayış standartlarının daha da yaxşılaşdırılması məqsədi daşıyan layihələri dəstəkləyir. Bu günə kimi Azərbaycanda imzalanan qrant müqavilələrinin ümumi sayı 199, dəyəri isə 17 milyon ABŞ dollarına yaxın təşkil edir.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olublar.