REGİONLAR


Xızı sakinləri “Kütləvi çıxarış” kampaniyasından faydalanıb

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti “Kütləvi çıxarış” kampaniyası avqustun 5-də Xızının Yeni Yaşma kəndində keçirilib.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, komitə ölkədə daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, vətəndaşlara məxsus əmlakların daha rahat və operativ üsullarla qeydiyyatı, bu sahədə innovasiyaların tətbiqini davam etdirir. Belə tədbirlərin sırasında vətəndaş məmnunluğunun getdikcə yüksəlməsinə səbəb olan “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin rolu xüsusilə qeyd edilməlidir. Bu sosial yeniliklər sayəsində artıq qeydiyyyat üçün komitəyə müraciət etmək zərurəti aradan qalxıb, komitənin əməkdaşları özləri sakinlərin və əmlak sahiblərinin ünvanına gedərək onlara qeydiyyat xidməti göstərirlər.

Komitə tərəfindən növbəti “Kütləvi çıxarış” kampaniyası Xızının Yeni Yaşma kəndində keçirilib. Budəfəki kampaniyanın özəlliyi vaxtilə kənddə 295 ailəyə ayrılmış, lakin faktiki və sənəd uyğunsuzluğu səbəbindən çıxarış verilməsi mümkün olmayan həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi olub. Belə ki, komitə tərəfindən belə torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq yerquruluşu, inventarlaşdırma və kadastr işləri aparılıb. Bununla da, faktiki və sənəd uyğunsuzluqları aradan qalxıb və əmlak hüquqlarının qeydiyyatı hüquqi cəhətdən mümkün vəziyyətə gəlib.

Beləliklə, kampaniya çərçivəsində ilkin mərhələdə kəndin 100-ə yaxın sakininə onların mülkiyyətinə dair hazır çıxarışların verilməsi ilə kəndin bütün sakinlərinin torpaqlarının tamamilə sənədləşdirilməsinə başlanıb. Kəndin qalan sakinlərindən isə çıxarışla əvəz olunması üçün ilkin hüquqi sənədlər qəbul edilib. Bu tədbirlərin yekunlaşması ilə Yeni Yaşma kəndindəki bütün torpaqların sənədləşdirilməsi işi yekunlaşacaq.

Kampaniyanın və mobil ofis xidmətlərinin ən vacib cəhəti onun bütün rayonları və kəndləri əhatə etməsidir. Belə ki, start veriləndən etibarən kampaniya çərçivəsində hətta ən ucqar kəndlər də daxil olmaqla, yüzlərlə yaşayış məntəqəsinin sakinləri əmlaklarını sənədləşdirə biliblər. Kampaniya daha çox əmlakın leqallaşdırılmasını, daşınmaz əmlak bazarının aktivləşməsini və alğı-satqı proseslərinin daha da genişlənməsini təmin edir. Kampaniya sayəsində vətəndaşlar qeydiyyat üçün əlavə vaxt sərf etmirlər, gündəlik işlərindən ayrılmadan bilavasitə öz ünvanlarında qeydiyyat xidmətlərindən yararlana bilirlər.

Dövlət başçısı tərəfindən bu ilin iyul ayında imzalanmış Fərmana əsasən, sovet dövründə verilmiş texniki pasportlar da artıq mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab olunur. Bununla bağlı, ƏMDK artıq Bakı şəhərində mobil ofis xidmətləri vasitəsilə vətəndaşlardan belə pasportların qəbulunu həyata keçirməyə başlayıb.

Kampaniya zamanı qeydiyyat prosedurları, həmçinin sənədlərində hər hansı çatışmazlıqlarla bağlı vətəndaşlara bilavasitə yerlərdə hüquqi xidmətlər göstərilir. Onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilir. Vətəndaşlara əmlakın qeydiyyatının faydaları, qeydiyyatın gətirdiyi üstünlüklər və rahatlıqlar barədə məlumatlar çatdırılır.

Komitə bu sosial tədbirlərlə yanaşı, vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron və onlayn xidmətlər də təqdim edir. Bu elektron xidmət istifadəçilərinin sayının ildən-ilə yüksəlməsi qeydiyyata və elektron xidmətlərə olan marağın göstəricisidir. Bu ilin ilk 6 ayında elektron xidmətlər vasitəsilə vətəndaşlardan 79 mindən çox müraciət daxil olub və təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.