REGİONLAR
Xızı şəhəri və ətraf kəndlərin su təchizatı və kanalizasiya xidmətləri əsaslı şəkildə yaxşılaşdırılır VİDEO
Xaçmaz, 14 aprel, Elxan Yusifli, AZƏRTAC
Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər uğurla davam etdirilir. Artıq yenidənqurma işlərinin ikinci mərhələsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihənin birinci mərhələsinə uyğun olaraq sutkada 1560 kubmetr su götürə biləcək mövcud Qars bulağı bərpa edilib. Mənbədən Xızı şəhərinə qədər 7,7 kilometr uzunluğunda polad borudan magistral su xətti çəkilib. Altıağac qəsəbəsinin dayanıqlı su təchizatının aparılması üçün Şəfa və Yeddibulaq suqəbuledici qurğuları bərpa olunaraq, qəsəbəyə qədər 1,5 kilometr uzunluğunda su xətti qurulub.
Hazırda isə içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir. Layihəyə əsasən ümumilikdə 40 kilometr uzunluğunda içməli su şəbəkəsinin yaradılması və 35 kilometr kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulub.
“Azərsu” ASC-nin Xızı Su-Kanal İdarəsinin rəisi Yusif Məmmədov ikinci mərhələdə işlərin 50 faizə yaxın hissəsinin yekunlaşdığını bildirib. Paralel olaraq ümumi həcmi 4000 kubmetr olan 6 su anbarının tikintisi də davam etdirilir. Yaxın gələcəkdə 1400-dən artıq abunəçi su sayğacı ilə təmin olunacaq.
“Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi şəhərdə 3 min 294, Altıağac qəsəbəsində 1423, eləcə də Baxışlı, Tıxlı, Xələnc kəndlərində 1562 nəfər olmaqla, ümumilikdə, 6 min 279 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Xızı şəhəri üçün məhsuldarlığı sutkada 800 kubmetr, Altıağac qəsəbəsi üçün isə məhsuldarlığı sutkada 250 kubmetr olan çirkab sutəmizləyici qurğuları inşa ediləcək. Həmçinin layihəyə uyğun olaraq, kanalizasiya şəbəkəsi üçün 3 nasos stansiyasının tikintisi də planlaşdırılır.
2018-ci ildə başa çatacaq yenidənqurma işləri Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində aparılır.