REGİONLAR
Xızı və Altıağacda su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam etdirilir
Bakı, 31 may, AZƏRTAC
Geniş turizm potensialına malik Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər intensiv qaydada həyata keçirilir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xızı şəhəri və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3294, Altıağac qəsəbəsində 1423 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun 1562 nəfər əhalisi olan Baxışlı, Tıxlı, Xələc kəndlərinə də içməli su veriləcək. Ümumilikdə layihədən 6279 nəfər faydalanacaq.
Layihənin birinci mərhələsində Qars su mənbəyində məhsuldarlığı sutkada 430 kubmetr, Yeddibulaq su mənbəyində məhsuldarlığı sutkada 40 kubmetr olan sugötürücü qurğu tikilib, 8,4 kilometr magistral su xətti çəkilib.
Növbəti mərhələdə isə Dahardibi su mənbəyində məhsuldarlığı sutkada 864 kubmetr, Şəfa su mənbəyində isə 240 kubmetr olan sugötürücü qurğular, həmçinin ümumi uzunluğu 9,6 kilometr magistral su kəmərləri inşa edilir. Eyni zamanda, Xızı şəhərində hər birinin tutumu 1000 kubmetr, Altıağac qəsəbəsində isə hər birinin tutumu 400 kubmetr olan iki su anbarının inşası davam etdirilir. Hər iki yaşayış məntəqəsində ümumi uzunluğu 52 kilometr olan su şəbəkəsinin 10 kilometrlik hissəsi tikilib.
İlk dəfə olaraq Xızı şəhəri və Altıağac qəsəbəsində kanalizasiya şəbəkəsi də yaradılır. İndiyədək 32 kilometrlik kanalizasiya şəbəkəsinin 17 kilometrlik hissəsi inşa olunub.
Tullantı sularının təmizlənərək kənarlaşdırılması məqsədilə Xızı şəhərində məhsuldarlığı sutkada 1000 kubmetr, Altıağac qəsəbəsində isə məhsuldarlığı sutkada 350 kubmetr olan çirkab su təmizləyici qurğular tikiləcək.
Layihənin icrasının 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Xızı şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1980-ci illərdə yaradılıb. Şəhərə içməli su Dahardibi və Qars bulaqlarından sutkada 1-2 saatlıq rejimlə verilir. Mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1980-ci illərin əvvəllərində yaradılmış Altıağac qəsəbəsinə isə içməli su Yeddibulaq su mənbəyindən sutkada 2-3 saatlıq rejimlə verilir.
Qeyd edək ki, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” Xızı şəhəri ilə yanaşı, Qusar, Xaçmaz, Naftalan və Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərini də əhatə edir. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya layihələrinin icrası başa çatıb, digər rayonlarda isə işlər davam etdirilir.