REGİONLAR
Xızıda Əməkdar İncəsənət Xadimi Kamal Əhmədin sərgisi açılıb VİDEO
Xızı, 26 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xızı rayonundakı Heydər Əliyev Mərkəzində tanınmış rəssam, Əməkdar İncəsənət Xadimi Kamal Əhmədin əsərlərindən ibarət sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, iyunun 10-dək davam edəcək sərgi nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi yeni layihə əsasında təşkil edilib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, layihə çərçivəsində müxtəlif şəhər və rayonlarda yerləşən Heydər Əliyev mərkəzlərində, muzey və sərgi salonlarında Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik əsərlərinin təqdimatı keçiriləcək. “Azərbaycan Dövlət Rəsm Qalereyasında 15 mindən artıq əsər mühafizə olunur. İlk dəfə Xızı rayonunda bu layihənin icrasına başlayırıq. Sərgidə Abşeron rəssamlıq məktəbinin nümayəndəsi Kamal Əhmədin əsərləri nümayiş etdirilir. İnanıram ki, bu əsərlər sərgidə iştirak edən gənc nəslin nümayəndələrində rəssamlığa, incəsənətə böyük həvəs oyadacaq”, - deyə mədəniyyət və turizm naziri vurğulayıb.
Sonra mərasim iştirakçıları nümayiş etdirilən əsərlərə baxış keçiriblər.
Sərgidə Əməkdar İncəsənət Xadimi Kamal Əhmədin yağlı boya ilə çəkilmiş “Leyli və Məcnun”, “Goradildə kanal”, “Goradil kəndi”, “Abşeronda bahar”, “Abşeronda Novruz bayramı”, “Goradil” və “Kompozisiya” adlı rəsmləri yer alıb.