REGİONLAR
Xızıda kitabsevərlər üçün maraqlı aksiya
Xızı, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 1-dən etibarən Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev parkında kitabsevərlər üçün növbəti maraqlı aksiyaya başlanılıb.
AZƏRTAC xəbər verir ki, Xızı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə təşkil olunan “Açıq kitabxana” adlanan layihəyə əsasən, kitabxanadakı müxtəlif mövzulu nəşrlər parkın ərazisində sərgilənir.
Kitabsevərlərə açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb.
Xızı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ayşən Əliyeva bildirib ki, bir həftə ərzində davam edəcək aksiya çərçivəsində oxuculara 3 minə yaxın kitab təqdim olunur. Aksiyanın əsas məqsədi əhalinin asudə vaxtının səmərəli təşkilinə yardımçı olmaq və kitablara maraq oyatmaqdan ibarətdir. Daha çox oxucu cəlb etmək üçün “Açıq kitabxana” layihəsi axşam saatlarına kimi davam edir. Oxucuların marağı nəzərə alınaraq “xarici ədəbiyyat”, “müasir yazarlar”, “retro kitablar”, “uşaq nəşrləri” və digər mövzularda guşələr yaradılıb.
Aksiyanın növbəti həftələrdə rayon ərazisindəki başqa istirahət mərkəzlərində də təşkil olunması nəzərdə tutulub.