MƏDƏNİYYƏT
Xızıda turizm klasterləri üzrə təlimlər təşkil olunub
Bakı, 28 iyul, AZƏRTAC
Bölgələrdə keçirilən növbəti təlim Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin işçi heyətinin iştirakı ilə iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bu dəfə Xızı rayonunda baş tutub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Xızı, Şabran və Siyəzən rayonlarından olan 30 üzvü “Turizm müəssisələrində mədəni xidmətin təşkili” adlı təlimdə iştirak edib.
Tədbir zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətin təşkili aşılanıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib.
Respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər bitdikdən sonra növbəti mərhələdə gənc mədəniyyət işçiləri ilə turizm müəssisələrinin rəhbərləri arasında görüşlərin təşkili nəzərdə tutulub.
Təlimin sonunda iştirakçılar xüsusi sertifikatlarla təltif olunub və Xızı rayonunda yerləşən Azərbaycanın ölməz şairi Mikayıl Müşfiq və şair dramaturq Cəfər Cabbarlının ev-muzeylərini ziyarət ediblər.