QAN YADDAŞI
“Xocalı. Matəm. Ekran” sənədli film günləri çərçivəsində yeni ekran əsərləri təqdim olunub
Bakı, 24 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı. Matəm. Ekran” sənədli film günləri keçirir.
AZƏRTAC xəbər verir ki, film günləri çərçivəsində fevralın 24-də Nizami Kino Mərkəzində “Natiq Qasımov” və “Batalyon” sənədli filmləri nümayiş edilib. Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
Filmlərin nümayişindən əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə və xaricdə tədbirlər keçirilir.
Ə.Vəliyev tarixən ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və qətliamlardan, soydaşlarımızı öz ata-baba yurdlarından didərgin salmasından danışıb. Vurğulayıb ki, XX əsr bəşər tarixində ən dəhşətli hadisələrdən olan Xocalı faciəsi xalqımızın yaddaşından silinməyəcək. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 150-sinin taleyi bu günədək məlum deyil.
Nazir müavini elan olunmamış müharibə zamanı düşmən tərəfindən mədəni sərvətlərimizin, o cümlədən muzeylərin, teatrların, kitabxanaların, musiqi məktəblərinin, parkların viran edildiyini söyləyib. Ə.Vəliyev teatr xadimlərinin, rejissorların, rəssamların Qarabağ mövzusuna, orada döyüşmüş igid vətən övladlarının qəhrəmanlıqlarına hər zaman müraciət etdiyini diqqətə çatdırıb.
Sonra filmlər nümayiş olunub.
Azərbaycan xalqının qəhrəman oğlu Natiq Qasımovdan bəhs edən sənədli film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur.
“Yaddaş” sənədli filmlər studiyasında lentə alınan “Batalyon” filmi Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Ekran əsərinin ssenari müəllifi və rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.
Tədbir çərçivəsində Nizami Kino Mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş kitab və foto sərgiləri də təşkil edilib.