QAN YADDAŞI
“Xocalı – dərdimin zirvəsi kimi” mövzusunda anma tədbiri keçirilib
Bakı, 23 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Fevralın 23-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı – dərdimin zirvəsi kimi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru Şəhla Qəmbərova Xocalı faciəsini dünyada qətl və qəddarlıq simvolu adlandrıb. Bildirib ki, Azərbaycan xalqı bu faciəni artıq 25 ildir ki, ürək ağrısı ilə öz qəlbində yaşadır, Xocalı soyqırımını aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi pisləyib. XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bildirib ki, mahiyyət etibarı ilə Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Tədbir uşaqların ifası ilə davam edib. Kitabxananın ən fəal oxucusu- Konsedaylo Ruslan bəstələdiyi “Xocalı” əsərini pianoda səsləndirib. Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri tərəfindən ermənilərin törətdiyi vəhşiliklərdən, faciənin qurbanlarından bəhs edən pontamim tamaşa, müxtəlif kompozisiyalar təqdim edilib.
Sonunda Xocalıya həsr edilmiş kitablardan və uşaqların çəkdikləri rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.