REGİONLAR


Xocalı abidələri saxta erməni tarixinin ifşasında tutarlı mənbədir

Gəncə, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC

İşğal altında olan digər yaşayış məntəqələrimizdəki maddi-mədəni irsimiz kimi Xocalıda və ətraf ərazilərdəki Alban kilsələri, həmçinin çoxlu sayda ziyarətgahlar da ermənilər tərəfindən dəyişdirilir, onlara məxsus abidələr kimi təqdim edilir.

Bu barədə AZƏRTAC-a məlumat verən Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirib ki, 25 il bundan öncə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı təkcə soyqırımı aktı həyata keçirilməyib, həm də bu ərazinin qədim tarixini özündə yaşadan çoxlu sayda tarixi abidələr, maddi-mədəniyyət nümunələri vəhşicəsinə məhv edilib. İndi işğal altında olan digər yurd yerlərimiz kimi, Xocalı abidələrinin mövcudluğu və onların son vəziyyəti hamımıza naməlum olaraq qalmaqdadır.

Xocalının maddi-mədəniyyət abidələri və onların Azərbaycan tarixindəki əhəmiyyətindən danışan L.Qarayeva deyib: “Rayondakı ən qədim abidələr Azərbaycan tarixində Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınır. Memarlıq abidələri içərisində son Tunc və İlk Dəmir dövrünə aid nekropol, Kurqan çölü şəhərin ərazisində yerləşməklə yanaşı, eramızdan əvvəl XIII-VII əsrlərin Xocalı-Gədəbəy mədəniyyətinin ilk nümunələrini təşkil edir. Tədqiqatçılar tərəfindən Xocalıdakı tarixi mədəniyyət abidələri araşdırılan zaman onların daha çox yığcam ərazidə kompleks şəkildə yerləşməsi, həmçinin bu abidələrin fərqli xüsusiyyətlərinin olduğu müəyyənləşib. Məlum olub ki, Xocalı abidələrini başqalarından fərqləndirən xüsusiyyət onların tipoloji müxtəlifliyidir. Arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri isə zənginliyi və qeyri-adiliyi ilə seçilir”.

Xocalıdakı abidələr kompleksi Qafqazın eyni dövrə aid digər abidələrinin xronoloji çərçivəsinin dəqiqləşdirilməsi üçün etalon rolunu oynayıb. Eramızdan əvvəl II-I minillikləri əhatə edən Xocalı abidələr kompleksinin ətrafı müdafiə divarları ilə möhkəmləndirilib, yaşayış yerlərindən, istehsal ocaqlarından, siklop tikililərdən, kurqan, daş qutu və torpaq qəbirlərdən ibarət olub. Bu barədə danışan Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini qeyd edib ki, tədqiqatçılar Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin eramızdan əvvəl XIV əsrdən başlayaraq VII əsrə qədər üç inkişaf mərhələsi keçdiyini müəyyən ediblər. Ən böyük memarlıq abidələrindən olan və silsilə şəkilli hündür torpaq təpə qəbirlərdən ibarət Kurqanlar çölü Xocalı şəhərindən Xankəndi şəhəri istiqamətində yerləşib. Kurqanların tədqiqi nəticəsində məlum olub ki, həmin dövrdə Qarabağ əhalisinin həyatında sənətkarlığın iki böyük sahəsi - dulusçuluq və metalişləmə mühüm yer tutub.

Həmçinin Xocalıdan Kətik meşəsi, Qarqar çayı istiqamətində Çınqıl çölü adlanan yerdə Son Tunc, İlk Dəmir dövrünə aid arxeoloji abidələr aşkar edilmişdi. Bu abidələr isə daş qutu qəbirlərdən, kurqanlardan ibarət olub. Müxtəlif vaxtlarda yadellilər tərəfindən həmin daş qutularda axtarışlar aparılan zaman oradan tuncdan hazırlanmış döyüş silahları və bəzək əşyaları tapılıb. Ermənilər bu abidələri də tar-mar edib, dağıdıblar.

Xocalı ərazisində qeydə alınan ən böyük tarixi abidə isə Əsgəran qalasıdır. İki istehkamdan ibarət bu qala XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən düşmənlərdən müdafiə məqsədilə tikilib. Qala strateji yerdə tikilməklə yanaşı, Qarqar çayının sağ və sol sahillərini, eləcə də Bozdağla Kətik meşəsini bir-biri ilə bağlayıb. Birinci Rusiya-İran müharibəsi zamanı (1804-1813-cü illər) rus qoşunlarının düşərgəsi Əsgəran qalasının yaxınlığında yerləşib. Onların arasında sülh müqaviləsi də 1810-ci ildə bu qalada bağlanıb.

“Kim bilir indi bu məkanlar, tarixi abidələr hansı vəziyyətdədir. Azərbaycan abidələrindən özlərinə saxta tarix düzəldən ermənilər Xocalının maddi-mədəni irsini də özünküləşdirir, digər xalqların hesabına tarixlərini zənginləşdirirlər. Lakin saxta, yalan məlumatlar üzərində qurulan tarix gec-tez üzə çıxır. Xocalı abidələri də saxta erməni tarixinin ifşasında tutarlı mənbədir”, - deyə Lamiyə Qarayeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.