QAN YADDAŞI
Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.
AZƏRTAC xəbər verir ki bu fikir fevralın 24-də Masallı rayonunun Ərkivan qəsəbəsində məskunlaşmış Xocalı sakinləri ilə görüşdə səsləndirilib.
Rayonda məskunlaşmış xocalılıların sosial və məişət şəraiti ilə maraqlanan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov öz yurdlarından didərgin düşərək qaçqınlıq həyatını yaşayan soydaşlarımızın hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edərək düşmən tapdağı altında olan torpaqlarımızın geri alınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, məcburi köçkünlərin tezliklə öz ata-baba torpaqlarına qayıdacaqlarına əminliyini ifadə edib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Ərkivan qəsəbə ərazi nümayəndəsi İsrail Tağıyev, Xocalı sakinləri Yusif Quliyev və onun həyat yoldaşı Kamilə Quliyeva ermənilərin Xocalı şəhərində törətdikləri vəhşiliklərdən söhbət açaraq düşmən tapdağı altında olan torpaqlarımızın, o cümlədən Xocalının dövlətimizin başçısının rəhbərliyi ilə azad olunacağı günün çox uzaqda olmadığını bildiriblər.