QAN YADDAŞI
Xocalı faciəsi XX əsrin ən dəhşətli faciələrindən biridir
Naxçıvan, 24 fevral, AZƏRTAC
Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilən kütləvi qırğınlarla müşayiət olunub. Həmin proseslər sovet dövründə də davam edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransda danışılıb.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 25 il əvvəl xalqımıza qarşı xüsusi amansızlıqla törədilən qətliamı XX əsrin ən dəhşətli faciələrindən biri kimi dəyərləndirib, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Tarix-filologiya fakültəsinin dekanı Rəsul Bağırov “Bəşəriyyəti heyrətə salan erməni vəhşiliyi” adlı məruzəsində bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Sonra kitabxanaçılıq kafedrasının dosenti Sədaqət Nemətova “Xocalı – qan yaddaşı” adlı məruzə ilə çıxış edib.
Anım mərasimində tələbələr Xocalıya ithaf olunmuş şeirlər səsləndiriblər.