QAN YADDAŞI
Xocalı faciəsi – Qan yaddaşımızdır
Bakı, 23 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi – Qan yaddaşı” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və müəllim heyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Vətənim” Yaradıcılıq Birliyinin istehsalı olan “Xocalı” sənədli filmi nümayiş olunub.
Tədbirdə Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, Naxçıvanski adına Hərbi Liseyin rəisinin müavini polkovnik-leytenant Kamran Nəsibov, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək Xocalı faciəsinin təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş soyqırımı olduğunu söyləyiblər.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda dinc əhaliyə misli görünməyən divan tutaraq, yüzlərlə azərbaycanlını qətlə yetirib, əsir götürüb və şəhəri yerlə-yeksan ediblər.
Vurğulanıb ki, insanlığa qarşı törədilən bu dəhşətli cinayətdən gələcək nəsillər lazımi nəticələr götürməlidir.
Sonda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasında fəal mövqeyinə görə Hərbi Liseyin Fəxri diplomuna layiq görülüb.