QAN YADDAŞI
Xocalı faciəsi hələ də təhqiq edilməyib. Nə üçün?
Kiyev, 26 fevral, AZƏRTAC
“23 il bundan əvvəl törədilmiş Xocalı faciəsi hələ də təhqiq edilməyib. Nə üçün?” – Ukraynanın “Версии.com.Фабрика аналитики” portalında bu sərlövhə altında dərc edilmiş məqalənin müəllifi həmyerlimiz, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevdir.
Müəllif yazır ki, Xocalı şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşir. Babiy Yar, Osventsim, Xatın və Buhenvald kimi, Xocalı adı da artıq çoxdan bəri adi coğrafi ad bildirmir. Bu gün Xocalı - coğrafi xəritədə bir nöqtə kimi, qəddarlığı və insaniyyətə zidd olması ilə bütün dünyanı sarsıdan kütləvi qətllər törədilmiş faciəvi məkanlardan biridir.
Professor A.Quliyev bu materialda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, ermənilərin qondarma “Böyük Ermənistan” yaradılmasına dair strateji planlarının tərkib hissəsi olan iddialar - Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa ərazi iddiaları barədə ətraflı söhbət açır. Məqalədə qeyd edilir ki, ermənilərin tərəfdarı Mixail Qorbaçov hakimiyyətə gələndən sonra Ermənistanın hakim dairələri Sovet İttifaqı rəhbərliyinin himayədarlığından və dəstəyindən istifadə edərək Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar.
Materialda vurğulanır ki, Azərbaycanın kiçik Xocalı şəhərində təcavüzkar ermənilər tərəfindən törədilmiş qanlı qırğından 23 il keçsə də, bu faciənin ağrısı hələ də qəlbimizdədir. İyirminci əsrdə tarixin səhifələrinə ən mənfur və rəzil hərəkətlərin – qəddarlığın və vəhşiliyin qurbanları olmuş milyonlarla günahsız insanın qanı çilənib...
Professor A.Quliyev xatırladır ki, işğalçı ermənilərin Xocalı sakinlərinə qarşı törətdiyi vəhşiliklər və həqarətlər barədə çox yazılıb. Faciə yerindən çəkilmiş çoxsaylı fotoşəkilləri və videokadrları görəndə əlavə sübuta ehtiyac duyulmur, lakin bir məsələ hələ də açıq qalır: bu vəhşi cinayətin təqsirkarları nə üçün cəzalandırılmayıb?
Xocalı soyqırımının canlı şahidləri ilə 7 il ərzində hər gün ünsiyyətdə olmuş məqalə müəllifi bu haqda xatirələrini bölüşərək deyir ki, evlərindən qovulmuş və bütün Azərbaycan boyu səpələnmiş bu insanlar Dağlıq Qarabağ münaqişəsinin ədalətlə tənzimlənəcəyinə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına ümid edirlər. O yazır: “İnanmaq istərdik ki, dünya ictimaiyyəti Xocalı şəhərində baş vermiş dəhşətli faciəyə laqeyd qalmayacaq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımına hüquqi qiymət verəcək, bu qanlı cinayətin törədilməsində təqsirkar olanların hamısı barəsində layiqli hökm çıxaracaq. Biz dünya ictimaiyyətini erməni canilərin özlərinə haqq qazandırmaq üçün uydurduğu yalanlara inanmamağa, onların əməllərini pisləməyə çağırırıq ki, canilər layiqli cəzalarını alsınlar...
Professor Arif Quliyev öz analitik materialının sonunda haqlı olaraq bu qənaətə gəlir ki, erməni işğalçılar tərəfindən törədilmiş bu qəddarlıq və vandalizm aktı dünya ictimaiyyəti tərəfindən pislənilməli və Xatın, Holokost, Osventsim, Buhenvald, Babiy Yar, Xirosima, Naqasaki və Sonqmi faciələrinə bərabər tutulmalıdır.
Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
http://versii.com/news/322460/
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev