QAN YADDAŞI
Xocalı faciəsi insanlığa qarşı tarixi cinayətdir
Bakı, 26 fevral, AZƏRTAC
1992-ci il fevralın 26-da xalqımız taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Xocalı faciəsi insanlığa qarşı tarixi cinayətdir. Xocalılılar bu amansız soyqırımı günündə özlərini əsl qəhrəman kimi aparıb, erməni faşistlərinə qarşı mətanətlə döyüşüb, düşmən qarşısında əyilməyib, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifə yazıblar.
Bunu Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən, 20 il Xocalıdakı 8 nömrəli natamam orta məktəbin direktoru olmuş Cəfər Cəfərov AZƏRTAC-a müsahibəsində deyib.
"Xocalı deyəndə ürəklər od tutub yanır, gözlər qanlı yaş tökür. Xocalı deyəndə qəlblərdə intiqam hissi alovlanır. Dünyaya sığmayan ən ağır dərdimizdir Xocalı. O müdhiş, yerin-göyün nalə çəkib ağladığı, fəryad qopardığı gecədən neçə illər keçib. Amma yaralar açıq qalıb, tükürpərdən himnə çevrilib Xocalı", - deyə Cəfər Cəfərov xalqımızın başına gətirilən o faciəni xatırlayıb.