QAN YADDAŞI
Xocalı faciəsi mənfur erməni daşnaklarının soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb
Naxçıvan, 24 fevral, AZƏRTAC
Xocalı faciəsi mənfur erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirdə mərkəzin direktoru Namiq Novruzov tərəfindən səsləndirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru Namiq Novruzov bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Ermənilərin Xocalını hədəfə almaqda məqsədi ata-baba torpaqlarımızda bizə məxsus olan tarix və mədəniyyət abidələrimizi məhv etmək, Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi.
Qeyd olunub ki, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verilib. Bu cinayətin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə əlaqədar ilk təşəbbüs də Ulu Öndərin adı ilə bağlıdır. Onun səyi nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində 26 fevralın Xocalı Soyqırımı Günü kimi qeyd olunması qərara alınıb.
Namiq Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi səylərdən, apardığı məqsədyönlü siyasətdən söz açıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Sonra mərkəzin ayrı-ayrı dərnək üzvlərinin ifasında Xocalıya həsr edilmiş şeirlər səsləndirilib, slayd nümayiş etdirilib, səhnəciklər göstərilib.
Tədbir iştirakçıları sonda Xocalı faciəsini əks etdirən sərgiyə baxıblar.