QAN YADDAŞI
Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Dövlət Dəniz Akademiyasının akt zalında “Natiq Qasımov” sənədli filmi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra film nümayiş olunub.
Qeyd edək ki, Natiq Qasımov “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib. Ağdamın Xramort kəndi yaxınlığında döyüş yoldaşları həlak olduqdan sonra Natiq Alban kilsəsində təkbaşına mübarizəsini davam etdirir. Düşmən kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edərək, əsir və girov düşmüş Xocalı sakinlərindən yararlanır. Natiq onların güllələnməsinə razı olmur və üçrəngli bayrağımızla düşmənin qarşısına çıxır. Onun sonrakı taleyi indiyədək məlum deyil.
“Azərbaycanfilm” kinostudiyasında çəkilmiş filmin ssenari müəllifi və rejissoru Əməkdar İncəsənət Xadimi Elçin Musa, operatoru Rauf Qurbanəliyev, prodüseri Əməkdar İncəsənət Xadimi Müşfiq Hətəmovdur.
Tədbirdə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin kollektivi, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə və müəllimləri, filmin yaradıcı heyəti və media nümayəndələri iştirak ediblər.
Fevralın 24-də Nizami Kino Mərkəzində “Natiq Qasımov” sənədli filminin rəsmi təqdimatı olacaq.