REGİONLAR
Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə yönələn cinayətdir
Gəncə, 27 fevral Sabir Əliyev, AZƏRTAC
Gəncəlilər Xocalı faciəsinin 23-cü ildönümünü şəhərdə yeni salınmış qəsəbədə məskunlaşan Xocalı sakinləri ilə birlikdə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, anım tədbirində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi soyqırımından danışıb. E.Vəliyev bu faciəni nəinki azərbaycanlılara qarşı, eləcə də bütün bəşəriyyətə yönələn cinayət aktı kimi qiymətləndirib. Bildirib ki, həmin müdhiş gecədə 63-ü uşaq, 106-sı qadın 70-i qoca olmaqla 613 dinc sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
Sonra Xocalı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Ağayev, rayonun Kosalar kənd sakinləri Kamran Məmmədov və Səmayə Mirzəyeva çıxış edərək o qanlı gecədə gördükləri dəhşətlər barədə danışıblar.
Sonda Kosalar kənd orta məktəbinin şagirdləri və Gəncə Dövlət Dram Teatrının aktyorları Xocalı faciəsini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.