QAN YADDAŞI
Xocalı faciəsinin dəhşətləri məktəblilərin rəsmlərində
İsmayıllı, 23 fevral, AZƏRTAC
İsmayıllıda məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsmlərinin müsabiqəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, rayon təhsil şöbəsinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə uşaq kitabxanasında keçirilən müsabiqə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində reallaşıb.
Müsabiqəyə 30 məktəblinin 100-dək təsviri sənət nümunəsi təqdim edilib. Məktəbli rəsm həvəskarları müsabiqəyə gətirdikləri şəkillərdə Xocalı soyqırımı ilə bağlı öz düşüncə və hisslərini yağlı boya ilə kağız üzərinə köçürüblər.
Sonda münsiflər heyəti tərəfindən qalib seçilən rəsmlərin müəllifləri mükafatlandırılıb.