QAN YADDAŞI
Xocalı mədəni, xocalılılar mənəvi mirasımızdır
Bakı, 25 fevral, Aynur İsmayılova, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Xalça Muzeyinin Şuşa filialının və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı mədəni, xocalılılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Səbinə Əzizova qəhrəmanlıq tariximizdə mühüm yer tutan mədəniyyət abidələrindən söz açıb. Bildirib ki, Xocalı-Gədəbəy mədəniyyəti, Xocalı kurqanları, alban məbədləri, orta əsr türbələri, türk obalarının etnoqrafiyası və həmin bölgənin əhalisinə qarşı ermənilərin amansız münasibəti Xocalı tarixi ilə bilavasitə bağlıdır. Xocalı tarixinin araşdırılması bu faciənin səbəblərinin öyrənilməsi və unudulmaması üçün vacibdir. Məqsədimiz mədəniyyətimizə, tarixi abidələrimizə vurulan zərbələri gələcək nəslə çatdırmaqdır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarix Muzeyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Aktiv” media şirkəti tərəfindən ərsəyə gələn “Xocalı vaxtı” filmi nümayiş olunub.
Seminarda “Miras” İctimai Birliyi idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Xocalıda arxeoloji tədqiqatlar”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pirağa İsmayılzadə “Tarixin yaddaşı, Xocalının səsi: ənənələr və müasirlik kontekstində”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova Xocalının maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxış ediblər.