QAN YADDAŞI
Xocalı qətliamı hər bir azərbaycanlının qəlbində silinməz iz kimi qalacaq
Bakı, 26 fevral, AZƏRTAC
Dünya tarixində çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciəli hadisələr az olmayıb. Belə faciələrin baş verdiyi məkanlar siyahısına keçən əsrin 90-cı illərinin əvvəlində daha bir ad əlavə olundu – Azərbaycanın Xocalı şəhəri. İyirmi beş il bundan əvvəl o dəhşətli fevral gecəsində erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə bu şəhərdə qətliam aktı törətdilər. Ağlasığmaz qəddarlıqla törədilmiş bu dəhşətli cinayət XX əsrin ən böyük faciələrindən biri oldu. Xocalı qətliamı hər bir azərbaycanlının qəlbində silinməz iz kimi qalacaq.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşünün iştirakçısı, əslən Füzuli rayonundan olan qaçqın Vidadi Əliyev bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Vidadi Əliyev daha sonra deyib: “Xocalı şəhərinin mülki əhalisinin kütləvi şəkildə qəsdən məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Xocalı şəhəri Azərbaycan ərazilərini işğal etmək və orada xüsusi qəddarlıqla etnik təmizləmə aparmaq, insanları şoka salmaq, onlarda vahimə və qorxu hissi yaratmaq üçün növbəti mərhələ kimi seçilmişdi. Heç bir təqsiri olmayan uşaqlara, qadınlara və qocalara münasibətdə bu qəddarlığı heç nə ilə izah etmək mümkün deyil. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.